Yazılar

Böhran kommunikasiyası təlabatının pik həddini yaşayır

“Crisis Communication” yəni Böhran Kommunikasiyası ifadəsi bəzən “haqlı” olaraq maliyyə böhranı anlayışı ilə qarışdırılır. Bunu kiminsə savadsızlığı ilə deyil, ölkəmizdə bu sahənin hələ çox yeni olması ilə əsaslandırmaq lazımdır.

Bəs, Böhran Kommunikasiyası nədir və nə üçün lazımdır?

Böhran Kommunikasiyası ilə bağlı bir çox təriflər və izahlar mövcuddur. Ancaq bütün izahların kəsişdiyi nöqtə odur ki, Böhran Kommunikasıyası ictimaiyyətlə əlaqələr işinin əsas parçasıdır və işi fərdlərə, şirkətlərə, qurumlara, layihələrə və s.-in nüfuzuna qarşı planlı, plansız baş verə biləcək və ya baş vermiş mənfi təsirləri aradan qaldırmaq və ya təsirini azaltmaqdır.

“Böhran Kommunikasiyası nə üçün lazımdır?” sualından öncə əslində tamam fərqli bir suala cavab vermək lazımdır. Bu “İmic Böhranından tam siğortalanmaq olurmu?” sualıdır. Cavab sadədir.  Xeyr, bu mümkün deyil və hətta əksər vaxtlarda İmic Böhranı gözlənilməz hallarda baş verir. Buna görə də Böhran Kommunikasiyasına daim hazır olmaq lazımdır.

Onu da qeyd edim ki, dünya PR tarixində Böhran Kommunikasiyasına heç zaman bugünki qədər ehtiyac duyulmayıb, hazırki dövrdə olan bu təlabat tarixin ən böyük təlabatıdır. Səbəbi isə texnologiyanın, daha doğrusu İnternet və Sosial Medianın sürətli inkişafıdır. İndi insanlar istənilən xidmət sahəsi, hökumət, biznez qurumları ilə bağlı müsbət vəya mənfi “feedback”lərini həmin qurumlara məktubla yazıb bildirmirlər, birbaşa əllərindəki ağıllı telefonlar vasitəsi ilə İnternetdə paylaşırlar. Təbii, müsbət şərhlər təhlükəli olmasa da, istənilən mənfi rəy geniş kütləyə yayıla bilir, hətta informasiya portalları, xəbər saytları da həmin məlumatları tirajlamlağa meyilli olur.

Və ya istənilən bir alıcı marketdə vaxtı keçmiş hər hansı məhsul və ya bəyənmədiyi məqam görürsə, bu haqda orada çalışanlara məlumat verməkdənsə, öz ağıllı telefonu ilə görüntüsünü çəkib, Sosial Media hesabında paylaşmağı üstün tutur. Bu da özlüyündə idarə edilməsi çox çətin olan məlumat axını yaradır.  Hətta bəzən şikayətçi tərəf haqsız olur, amma artıq iş işdən keçir, bütün media qurumları bunu yayır. Qarşı tərəf biznes qurumudursa, özünü “təmizə çıxartmaq” ona baha başa gəlir, yəni media “təmizə çıxartma”nın reklama daxil olduğunu deyir. Bir media qurumuna da reklam verdikdə digər media qurumu həmin məsələni bilərəkdən qabardır ki, onu da reklam məsələsində yaddan çıxartmayasan. Beləcə bu axın uzun müddət davam edir. Hətta bir də baxırsan, bağlanmış məsələ illər sonra kiçik bir sayt tərəfindən hansısa səbəbdən yayımlanır ki, yenidən gündəmə qayıtsın.

İnternet və Sosial Medianın inkişafından yararlanma, insanların öz fikirlərini rahat ötürə bilmə imkanı nə qədər fundamental haqlar olsa da, bir o qədər də PR-çıların işlərini çətinləşdirib və Böhran Kommunikasiyasının aktuallığını artırıb.

Buna görə də hökümət qurumlarından biznez qurumlarına, təşkilatlara, hətta müğənnilərə qədər hər kəs artıq İnternet və Sosial Media alətlərini öz işlərinə uyğunlaşdırmağa çalışır. Amma bu uyğunlaşmanı əksər hallarda Böhran Kommunikasiyası kimi deyil, marketinq aləti kimi istifadə etməklə kifayətlənirlər. Hazırda isə əsasən İmic Böhranın yaranma meydanı İnternet və Sosial Mediadır.