Yazılar

PR üçün troll saxlamaq düzgündürmü?

PR  üçün troll saxlamaq düzgündürmü?

 

Razılaşmaq lazımdır ki, sosial şəbəkələr istər ünsiyyətin qurulması, istər  ifadə azadlığı, istərsə də PR/Marketinq işləri üçün əvəzsiz alət olsa da, bir o qədər də “baş ağrısı”na çevrilib. Buna görə də əksəriyyət (Biznes, hökümət, mütəxəssislər və s.)  sosial mediada baş verə biləcək  hücumların – tənqid, lağlağılıq, təhqir və s. qarşısını almaq üçün müxtəlif formada neqativin idarə edilməsi yollarını axtrır.

Əslində bu çox vacib və atılmalı olan bir addımdır, ictimaiyyətlə əlaqələr işinin əsasında da bu tipli strategiyaların hazırlanması dayanır. Amma sosial şəbəkələr və sosial media alətləri artdıqca bu neqativin idarə olunması üçün olan strategiyaları da müasir standartlara uyğunlaşdırmaq lazımdır.

Bu dəfəki yazımda qısa bir müddət öncəyə qədər çox ölkələrdə məşhurlaşmış Facebook trolları haqqında danışmaq istəyirəm.  Söhbəti uzatmadan bildirmək istəyirəm ki,  yeni tendensiyarda artıq arxaikləşmiş sosial media trolları heç də effektli bir yol deyildir. Bunun səbəbləri əslində artıq trolların daha rahat ifşa olunmasındadır. Çünki;

  1. Xüsusi mövzular üzərində təlimat almış trollar eyni istiqamətdə hücuma keçirlər və bu zaman onlar eyni cümlələri işlədirlər. Amma unudurlar ki, bu zaman onların həmin qurumun trolları olduqları rahat anlaşılır və əks hücumla sözü keçən qurumun nüfuzu zədə alır;
  1. Bəzən trollar daha çox saxta sosial media hesablarından istifadə edirlər. Amma nəzərə almaq lazımdır ki, artıq əksəriyyət saxta və həqiqi profilləri bir-birindən ayırmağı öyrənib, ona görə də ya həmin hesabı dost siyahısına əlavə etmir ya da səhvən edib bu halda onu qara siyahıya əlavə edir;
  1. Bugünün trollu sabahın rəqibidir. Tez-tez troll üçün könüllələrdən istifadə edildiyini eşidirik, amma kim təminat verə bilir ki, sabah o şəxs artıq başqa yerdə başqa bir işdə fəaliyyət göstərməyə başladıqda orda olan sirrləri yaymayacaq?
  1. Pul bitdi, müdafiə də bitdi.

Böhranı öncədən görmə PR-çının əsas xususiyyəti olmalıdır. Gəlin, ehtimal edək ki, bu gün gəlirlərimiz imkan verir ki, 20-30 nəfəri bu neqativlərin idarə olunması üçün əlimizdə saxlayaq, bəs, sabah maliyyəmiz tükəndikdən sonra necə olacaq? Belə nümunələr azdırmı? (nümunələr kitabda)

  1. Əksər vaxtlarda bu trollar məntiq çərçivəsində müzakirə aparmaq və qalib gəlmək əvəzinə bir başa təhqirə və ya “əvvəlcə öz gözündəki tiri gör” fikri üzərində dururlar.

Bəs yeni tendensiyalar nəyi tələb edir?

Müasir PR-da Troll sahibi qurumlara qarşı “Bu şirkət və ya məhsul gör nə qədər zəifdir ki, öz müdafiəsi üçün məcbur qalıb, trollardan, saxta profillərdən istifadə edir” fikri mövcuddur və razılaşmalıyıq ki, bu yanaşma heç də qarşısı alına bilən deyildir, onun izləri sabah siz troll saxlamasanızda qalmaqda davam edəcək.  Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, “hər hansı neqativə bu qədər çox adam cavab verdi və onu belə bir fikir yazmağa peşman elədik” anlayışı kökündən səhvdir, əslində “bir  nəfər cavab verdi və o cavabla həm sualı cavablandırmış olduq, həm nüfuzumuzu zədədən müdafiə etdik, həm də özümüzə tərəfdarlar yığdıq və bu tərəfdar arasında bu qədəri ictimai nüfuzu olan şəxslərdir” və ya  “Bizim hər hansı tərəfdarımız (ictimai şəxs) biz demədən özü bizim müdafiəmizə qalxır”  yanaşması daha doğrudur. Eyni zamanda ucuz və ağıllıdır.